azenru
Əsas səhifə / Xəbərlər
Filiallar

Bankomatlar

İllik hesabat


Müştəri dəstəyi
(+99412) 598 35 11
564 20 35
564 21 35
564 35 11
GISMETEO: Погода по г.Баку
MuğanBankın İdarə Heyətinin Sədri Elmir Həsənov “Milan” futbol komandasına azarkeşlik edir və keyfiyyətli komandanı təkcə futbol meydançasında yaratmağa çalışmır.

“Müvəffəqiyyət düsturu” rubrikamızın bugünkü qonağı işgüzar insanlarda az təsadüf edilən ünsiyyətcilliyi və açıq söhbəti ilə yadda qalan MuğanBankın İdarə Heyətinin Sədri Elmir Həsənov oldu. 1news.az saytına verdiyi müsahibəsində həmsöhbətimiz nəinki öz uğurlarının sirlərini bölüşdü, eyni zamanda ailəsi, həvəs və maraqları haqqında da danışdı.

- Elmir müəllim, söhbətimizə  sizin uşaqlığınızdan başlayaq. Maraqlıdır, uşaqlıqda kim olmaq istəyirdiniz?

«Formula-1» yarışçısı.
- Doğrudan?

- Bəli, bundan başqa futbolla da ciddi məşğul olurdum, peşəkar oyunçu olmaq arzusunda idim. Daha sonra  kimyaçı olmaq həvəsinə düşdüm, hətta universitetə hazırlaşırdım, lakin son anda sənədlərimi xalq təsərrüfatı institutuna (indiki İqtisad Universiteti) verməyi qərara aldım.  Kimyaçılıq peşəsi, çox təəssüf ki, o zaman öz nüfuzunu itirməyə başlamışdı...

- Sonra nə oldu? MuğanBanka necə gəldiniz?

- Bank sahəsində 1994-cü ildən çalışıram. MuğanBanka ilk dəfə 2001-ci ildə gəlmişəm, həm də sədrin müavini vəzifəsinə. Ümumilikdə, 20 illik əmək stajım dövründə beş bankda işləmişəm. Üç il “Shirvan Oil” neft şirkətində, bir il isə avtomobil sektorunda çalışmışam - “Honda” nın Azərbaycandakı nümayəndəliyinə rəhbərlik etmişəm. Lakin sonra anladım ki, bu sahə mənlik deyil və yenidən bank sektoruna qayıtdım.    

- Belə görünür ki, bugünkü nailiyyətləriniz üçün uzun yol qət etmisiniz. Uzun müddət özünüzü axtarmısınız...

- Etiraf edirəm, təbiətim belədir, həyatımda dəyişiklik etməkdən qorxmuram, fəaliyyət sahəmi tez-tez dəyişməyə üstünlük verirəm, bu mənim üçün maraqlıdır, bunda özüm üçün nə isə bir yenilik tapıram. Xüsusi fəxr etdiyim bir diplomum  barəsində sizə hələ danışmamışam. Nəinki Britaniyanın, hətta dünyanın ən yaxşı universitetlərindən  biri olan “Business School University of Strathclyde”- Strasklayd biznes məktəbində təhsilimi davam etdirmişəm və MBA dərəcəsini almışam. Bu mənim arzum idi.   

- Maraqlıdır…

- … Bu arzuma çatmaq üçün çox çalışmışam və həmin diplomu almaq mənə asan başa gəlməyib. Üç dəfə sənəd verdim, lakin lazımı ball toplaya bilmirdim. Birinci dəfə Tbilisidə imtahan verdim, sonra isə Moskvada, lakin axırıncı dəfə Edinburqun özündə imtahan verdim və onda qəbul oldum. Yeri gəlmişkən, təhsil haqqını özüm ödəyirdim. Bunun üçün öz avtomobilimi  satmalı və beş il ərzində yığdığım bütün pulları sərf etməli oldum (gülümsəyir).  

- Bəs evdə belə cəsarətli addımınıza necə reaksiya verdilər?

- Anlayışla qarşıladılar. İnsanın məqsədi varsa və o, məqsədinə doğrudan da nail olmaq istəyirsə, onu dayandırmaq günah olar.

- Elmir müəllim, dediklərinizdən belə görünür ki, əgər sabah sizi bank sektorundan kənar başqa bir sahədə görsək çox da təəcüblənməyək…

- (Gülür). Bu gün MuğanBankda həyata keçiriləsi planlarım çoxdur və buna görə də yaxın gələcəkdə fəaliyyət sahəmdə hər hansı ciddi dəyişiklikləri gözləmirəm.

Özünə hörmət edən hər bir rəhbər işçi  ixtiyari və ya qeyri- ixtiyari olaraq çətinliklərlə qarşılaşmaq istəyir ki, sonra onları aradan qaldırsın. Axı hər şey yaxşı olanda tam durğunluq yaranır və gördüyün işin mənası itir.   

- Qayıdışınızdan sonra bankda hansı dəyişikliklər baş verib?

- Biznes məktəblərində menecerlərə hər şeydən əvvəl möhkəm komanda yaratmağı öyrədirlər və həyata keçirilməsini hər zaman tə'kidlə tövsiyə edirlər. Tək başına işləmək heç vaxt yaramaz və arxalana bildiyin insanlar olanda daha asan olur. Bunun üçün isə gərək özün səmimi olasan. Elə idarəetmə strukturları var ki, “vertikal” qurulublar, yəni, adətən o qədər də həyatqabiliyyətli olmurlar, lakin “horizontallar” da var. Ən əsası odur ki, qısa müddət ərzində vahid bir komanda formalaşdırmağa nail ola bildim.

- Necə güman edirsiniz, MuğanBank respublikanın bank bazarında hansı yeri tuta bilər?

- Sözsüz ki, hər bir bankın bazarda özünəməxsus yeri var, düzdür, çoxları çalışır hər şey satsın, böyük supermarket kimi olsun, amma, fikrimcə belə yanaşma məntiqli deyil. Məsələn, biz  kənd təsərrüfatı təşkilatları ilə, ipoteka fondu ilə, orta və kiçik sahibkarlarla sıx əməkdaşlıq edirik, istehlak bazarına isə demək olar ki, çıxmırıq.

Düzdür, bankımız bugün ölkənin bank təşkilatları arasında ikinci onluqdadır, lakin düzünü desəm, birinci onluğa düşməyə çalışırıq, amma can atmırıq, bizim üçün burada da maraqlıdır və işləmək asandır. Bizim üçün ən əsası keyfiyyətdir, buna da nail olmağa çalışırıq. Söhbət verilən kreditlərin keyfiyyətindən, göstərilən xidmətin səviyyəsindən gedir.  Keyfiyyətli xidmət göstərmək olduqca çətin məsələdir. Əsas prioritetimiz olan keyfiyyətə o zaman nail olunur ki, öz işçilərinə inanırsan, onların təşəbbüslərini dəstəkləyirsən. Bax onda işçinin özü vahid komandanın bir üzvü kimi ümumi işin məsuliyyətini hiss edir.  

- Gəlin, söhbətimizi bir qədər başqa istiqamətdə davam etdirək. Nahara evə gedirsiniz, yoxsa...?

- Xeyr, ofisimizin birinci mətəbəsində yeməkxana var. Bankın işçiləri orada nahar edirlər. Şam yeməyini isə köklüyə meylli olduğumdan yemirəm. 

- Bəs, həyat yoldaşınız yeməklərinə biganə qaldığınız üçün şikayətlənmir?

- Xeyr, şikayətlənmir, əksinə, o da mənim kimi bank sektorunda çalışdığından, ona belə daha rahatdır (Gülür). Əlbəttə, bu bir zarafatdır. Hər bir azərbaycan qadını kimi onun üçün də ailə müqəddəsdir...

- Onda belə çıxır ki, həyat yoldaşınızla rəqibsiniz. İki rəqib bir dam altında necə yaşayır?

- (Gülümsəyir). Doğrudur, onun işlədiyi bank bizimkindən fərqli olaraq birinci onluqdadır, amma deməzdim aramızda nə isə xüsusi bir rəqabət var.

-  Necə istirahət edirsiniz? Yeni ili harada qeyd etdiniz?

- Bakuriani dağ xizək kurortunda. Ora böyük bir dəstə ilə getmişdik. Təsəvvür edin, orada Bakıdan o qədər adam vardı ki, hətta belə bir zarafat yaranmışdı: “Azərbaycanlıların hesabına Bakuriani böhrandan çıxdı”. Ümumiyyətlə, idmanı sevirəm. Bakurianidə isə ilk dəfə idi ki, xizək üzərinə çıxırdım, mütəxəssislərin sözlərinə görə yaxşı da alınmışdı. Amma heyf ki, qar az idi...

Ümumiyyətlə istirahətə gəldikdə isə, əvvəl dediyim kimi, uşaqlıqdan futbolu sevirəm, həftədə iki dəfə axşamlar bütün işlərimi tərgidib topun ardınca qaçıram – bununla təsəlli tapıram. Adi günlərdə axşam saat ondan tez evə gəlmək mümkün olmur, amma, düzünü desəm, bunu top-menecer üçün adi hal hesab edirəm. Bazar günlərini isə tamamilə uşaqlarıma həsr edirəm. Tez-tez kinoya gedirik, restoranda nahar edirik və bəzən evdə “Playstation” da futbol oynayırıq və mən həmişəki kimi uduzuram. Oğlum da mənim kimi qızğın futbol həvəskarıdır. Amma məndən fərqli olaraq “Milana”a deyil, “Manchester United” komandasına azarkeşlik edir. Yeri gəlmişkən oğlum deyir ki, o da atası kimi bank sektorunda işləyəcək.

- Əgər zamana səyahət etmək imkanınız olsa idi, tarixin hansı dövründə yaşamaq istərdiniz?

-Mənim üçün 70 ci illərdə, hippi (dövrünün müəyyən mənəvi dəyərlərinə və şərtlərinə etiraz edən və öz etirazlarını qeyri-adi geyimləri və davranış tərzi ilə ifadə edən gənclər) dövründə yaşamaq maraqlı olardı. Mənə elə gəlir ki, o zaman həyat daha canlı və maraqlı idi. Bugün yüksək texnoloji inkişaf sayəsində böyük informasiya axınının insanları əhatə etdiyi bir dövrdə hər zaman nəsə vacib bir şeyi buraxmaq qorxusu ilə yaşayırsan. 

-Və nəhayət, öz ənənəvi sualımızı vermək istərdim, sizin müvəffəqiyyət düsturunuz?

- Futbolu sevdiyimdən, sualınıza bu idman oynunun terminologiyası ilə cavab verim. Elə ulduzlar var ki, onları hamı tanıyır və uğurları hamının gözü qabağında olur, lakin komandanın digər üzvləri, sadə işçilər də vardır ki, onların işini heç kim görmür, kölgədə qalırlar, bütünlükdə əldə olunan uğurun çoxu isə məhz belə gözə görünməz fiqurların işindən asılı olur. 

Məncə əsas odur ki, özünə inanasan və qarşıya qoyduğun məqsədə doğru yavaş-yavaş, lakin, inamla addımlayasan.

 
   
   
   
   
   
   
   
   
   

 

Press-mərkəz