azenru
Əsas səhifə / İqtisadi xəbərlər
Filiallar

Bankomatlar

İllik hesabat


Müştəri dəstəyi
(+99412) 598 35 11
564 20 35
564 21 35
564 35 11
GISMETEO: Погода по г.Баку
ARDNŞ prezidenti: “Emal zavodlarımızda istehsal olunan yanacaq növləri artıq AVRO-2 standartına tam uyğunlaşdırılıb”

SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev yap.org.az saytına müsahibəsində bildirib. ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirir ki, bu kompleks həmçinin xaricə əhəmiyyətli həcmlərdə neft məhsulları ixrac etmək iqtidarındadır: “Emal zavodlarımızda istehsal olunan yanacaq növləri artıq AVRO-2 standartına tam uyğunlaşdırılıb. Hazırda emal müəssisələrimizdə AVRO-3 standartına keçidlə bağlı zəruri təkmilləşdirmə tədbirləri həyata keçirilir. Lakin məlumdur ki, emal zavodlarında istismar edilən qurğuların böyük hissəsi artıq köhnəlmiş, fiziki və mənəvi cəhətdən “qocalıb”.

ARDNŞ-nin neft emalı zavodlarının şəhərin içərisində yerləşdiyinə toxunan ARDNŞ prezidenti qeyd edir ki, bu da ekoloji nöqteyi-nəzərdən məqsədəuyğun sayıla bilməz: “Prezident İlham Əliyev şəhərdən kənarda müasir tələblərə cavab verən yeni neft-qaz emalı və neft kimyası kompleksinin yaradılması haqda göstəriş verib. Hazırda ARDNŞ-də neft-qaz emalı və neft-kimya sənayesinin inkişafı üzrə dünyanın aparıcı şirkətləri ilə birlikdə konseptual təqdimatın hazırlanması üzərində gərgin iş aparılır. Hazırlanan Konsepsiya Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması Komissiyasına təqdim olunacaq”.

ARDNŞ-nin xarici ölkələrdə neft və yanacaq komplekslərinin, müəssisələrin yaradılması ilə əlaqədar proqramlara da münasibət bildirən Rövnəq Abdullayev bildirib ki, bu gün Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilməkdədir: “ARDNŞ bu prosesdən də kənarda qalmır. Şirkətimiz beynəlxalq enerji bazarlarına yaxınlaşmaq məqsədi ilə xarici investisiya layihələri həyata keçirir. Qonşu Türkiyə və Gürcüstandakı layihələr barədə ictimaiyyətə vaxtaşırı məlumat verilir. Türkiyədə həyata keçirilən sərmayə proqramına əsasən, ARDNŞ “SOCAR-Turcas” alyansı tərkibində qardaş ölkənin ən iri neft-kimya müəssisəsi olan “Petkim” şirkətinin idarəçiliyini həyata keçirir. Şirkətin idarəçiliyinə veriləndən ötən müddət ərzində “Petkim” Türkiyə bazarında mövqeyini daha da gücləndirmişdir. Bu holdinq əsas etibarı ilə etilen, polietilen, polivinilxlorid, akrilonitril və s. kimi kimya məhsullarının istehsalı ilə məşğul olur. “Petkim”in xammalla fasiləsiz və etibarlı təchizatı məqsədilə ARDNŞ holdinqin nəzdində yeni neft emalı zavodunun tikintisini planlaşdırır”.

Bundan başqa, Gürcüstanda neft məhsullarının səmərəli satışını həyata keçirən “SOCAR Georgia Petroleum”, qonşu ölkənin indiyədək qazlaşdırılmamış bölgələrinə yeni xətlərinin çəkilməsində, əhalinin təbii qazla təminatında mühüm rol oynayan “SOCAR Georgia Gaz” kimi törəmə müəssisələrin fəaliyyətinə toxunan R. Abdullayev müsahibəsində vurğulayır ki, ARDNŞ Gürcüstanda yanacaqdoldurma stansiyalarından ibarət böyük bir şəbəkə yaradıb və neft məhsullarının SOCAR brendi altında reallaşdırılması istiqamətində mühüm iş aparır: “SOCAR Georgia Petroleum” MMC qonşu ölkədə müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin inşasını davam etdirir. Şirkət gələcəkdə də bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Bu il Gürcüstan ərazisində 20-dən artıq belə yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur”.

“SOCAR Georgia Gaz” isə 3 illik investisiya proqramına uyğun olaraq, Gürcüstanın müxtəlif regionlarında 150.000 abonentin qazla təminatını həyata keçirəcəyini bildirən Rövnəq Abdullayev əlavə edib ki, artıq qonşu respublikanın bir sıra yaşayış məntəqələrində, o cümlədən soydaşlarımızın kompakt yaşadığı bir neçə kənddə qaz kəmərlərinin tikintisi başa çatdırılaraq, iri yaşayış massivlərində qaz xətləri bərpa olunub: “Bu istiqamətdə işləri davam etdirəcəyik. Ölkəmizin sərhədləri xaricində həyata keçirdiyimiz investisiya layihələri Türkiyə və Gürcüstanla məhdudlaşmır. Səmərəli marketinq araşdırmalarının nəticəsi olaraq, bu yaxınlarda Ukraynada da yanacaqdoldurma stansiyaları şəbəkəsi qurmuşuq. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bütün bu layihələrin maliyyələşdirilməsinə ARDNŞ-nin öz vəsaitləri ilə yanaşı beynəlxalq maliyyə qurumlarının da vəsaitləri cəlb edilmişdir. Bu da Şirkətimizin etibarlı tərəfdaş kimi beynəlxalq banklarla uğurlu əməkdaşlıq aparmasına daha bir sübutdur”.

Sia.az

Press-mərkəz